Oralarda kimlər var: Toğrul Nərimanbəyov

 

 

 

 

Səhifənin qonağı publisist- yazar Möhbəddin Səməd rəssam haqqında

Həqiqi anlamda əfsanəvi bir ömür yaşayan və bütün ruhu ilə sənətkar olan Toğrul Nərimanbəyovun itkisi sənət dünyamızın heç də rahat olmadığı bir vaxtda insanın içini ovur.Bizimlə bir şəhərdə uzun müddət yaşayan Toğrul Nərimanbəyovun barmaqlarından çıxan hər bir rəsm əsəri böyük bir narahat epoxanı gözlərimizin önündə canlandıran sənət inciləridir. Tərifinə söz çatmayan bir üslub və ömürlə hələ çox-çox illərə ulaşacaq bu sənətkarın yaradıcılığı bizim fəxrimiz və “var millətimin imzası imzalar içində” deməyə haqq verir bizə. Ruhu şad olsun.

Qələm dostum publisist-yazar Möhbəddin Səmədin oxuyacağınız yazısı onun yaradıcılığına daha yaxından baxmaq imkanı yaradacaq ümidindəyəm.

Müəllifə xüsusi təşəkkürümü bildirirəm.

 

lll

 

İlk baxışda insanda qeyri-səlis düzüm ovqatı təəssüratı yaradan İçəri Şəhər əslində kamil və mükəmməl Şərq memarlığının çox nadir nümunəsidir. Bəzilərinin “açıq səma altında unikal muzey” adlandırdığı bu qədim şəhərdə sirlər, müəmmalar gizlənibdir.

Dünyaya gah İçəri Şəhər divarları arasından, gah da Lüksenburq, Paris, Vaşinqton və digər məkanlardan boylanan Toğrul Nərimanbəyov bu ziddiyyətli zamanda öz ilkinliyini qoruyaraq hər şeyə milliliklə bəşərilik kontekstindən baxır. Elə bunun nəticəsidir ki, onun əsərləri bütün dünyanı gəzib dolaşır. Və hərəsi bir sirdən, müəmmadan xəbər verir.

Uşaqlıq və gənclik çağlarının bir hissəsini Azərbaycanda, müəyyən hissəsini Özbəkistanda və Litvada keçirən rəssam sözün həqiqi mənasında həyatdan çox şey görüb-götürmüşdür. Azərbaycanda və Özbəkistanda Şərq miniatür sənətinin cazibədar epik-major ahəngi onun uşaqlıq yaddaşında dərin izlər buraxmışdır.

Litvada isə qarşısında başqa bir dünya açılmışdır. O, burada Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika arxitekturasının sərtliyi ilə qarşılaşmışdır. Vilnüsdə Rəssamlıq İnstitutunda  oxuyarkən Delakrua sənətinə xas olan romantik gözəlliyə, Cotto əsərlərindən süzülüb gələn səmimiyyətə, Rembrantda tragik vüsətə, Sezanda rəssam fikrinin ifadə dəqiqliyinə valeh olmuşdur. Amma özünə ruhən yaxın olan sənətkar Van Qoqu hesab etmişdir.

Çox təbii ki, bütün bunlar gələcəkdə onun dünya miqyaslı bir rəssam kimi yetişib formalaşmasına təkan vermişdir.

Toğrul Nərimanbəyov böyük sənətə ötən əsrin 50-ci illərində diplom işi olan “Baltik balıqçıları” adlı əsəri ilə gəlmişdir. O vaxt incəsənət özünün ən yaxşı inkişaf dövrünü keçirirdi. Yeni yaradıcılıq cərəyanları, təzə axtarış meyilləri yaranmışdı. Rəssamların bəziləri realizm üslubunda, bəziləri isə sərt, poetik və digər yönlərdə yaradıcılıq axtarışları aparırdılar. Toğrulun yaradıcılığında Şərqlə Qərb sənətinin sintezi xüsusi üstünluk təşkil edirdi. Onun əsərlərində Şərq miniatür sənətinə məxsus gözəl dekorativlik Qərb incəsənətinə xas intellektuallıqla harmonik vəhdət təşkil edib, bu əsərlərin hərəkətverici qüvvəsinə çevrilirdi.

Gözləmək olardı ki, hamı Toğrulun yeni görümdə olan, amma nahamar görünən bu əsərlərini ilk baxışdaca sevib dəyərləndirəcək və onları zamanın fövqündə duran nadir sənət nümunələri hesab edəcəklər. Lakin tamamilə əksinə oldu, çoxları bunu əllaməçilik, mücərrəd sənət cərəyanının təsirinin təzahürü kimi qiymətləndirdilər. Hətta bəziləri dodaq büzüb Toğrulu qınadılar, “milli zəmindən uzaqlaşmış”, “cızığından çıxmış rəssam” adlandırırdılar. Amma Toğrul bunların heç birinə məhəl qoymadı, ürəyinin hökmü ilə özü istəyən kimi işlədi.

Onun əsərlərinə baxışlar həmişə birmənalı olmadığı kimi özünə də münasibət ziddiyyətli olmuşdur. Həddən ziyadə kübar və elitar görkəmli olan bu sənətkar çox vaxt həmvətənlərimiz tərəfindən “xalqın içindən, alt qatından çıxmayan”, “onun dərd-sərindən, adət-ənənələrindən xəbəri olmayan” sənətkar kimi qavranılır. Amma əslində belə deyil. Toğrul uşaqlıqdan xalqın içində olan, onun dərd-sərini, adət-ənənələrini içəridən, alt qatdan görən və onları milliliklə bəşəriliyin sintezində verməyi bacaran bir sənətkardır. Bu keyfiyyətlər demək olar ki, onun bütün əsərlərində, xüsusilə “Buzovnada bayram”, “Muğam”  “Musiqiçilər”, eləcə də “Şəkidə bazar”, “Yaylaqda”, “Əlincə qalası”, “Qədim Naxçıvanın ponoramı” əsərlərində olduqca güclüdür. Həmin tablolarda milliliklə qədimlik, müasirliklə bəşərilik sıx vəhdətdə verildiyindən həmişə kaloritli, baxımlı və yeni görünür.

Sənət bilicilərinin fikrincə, Toğrulun çoxqatlı yaradıcılığı öz başlanğıcını qədim miniatürlədən və bir də əvvəli “biri vardı, biri yoxdu”, sonu “göydən üç alma düşdü, biri sənin, biri mənim” sözləri ilə bitən nağıllardan, sehirli əfsanələrdən götürmüşdür. Elə buna görə də bu əsərlərin hamısı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini, psixologiyasını özündə qabarıq əks etdirən, axırı xoş sonluqla qurtaran əfsanə və nağıllara bənzəyir. Nağıllarda olduğu kimi, Toğrulun bir çox tablolarında xüsusilə “Nağıllar aləmində” monumental divar rəsmində həqiqətlə əfsanənin, təfəkkürlə təxəyyülün, sevinclə kədərin,  yumorla  ağrının  bir-birinə  qaynayıb   qovuşduğu hikmət  aləmi, işığın qaranlıq, ədalətin haqsızlıq,  həyatın   ölüm  üzərində qələbə təntənəsi ilə üzləşirsən.

Yeri gəlmişkən qeyd edək ki, Toğrulun A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesini bəzəyən “Nağıllar aləmində” monumental əsəri divar rəssamlığı sahəsində ilk addımı, ilk uğurlu işidir. Bu əsərdən açıq-aydın hiss edilir ki, o, bu sahəyə gözlənilmədən, yaxud təsadüfən gəlməmişdir. İllərlə öz-özlüyündə ölçüb-biçmiş, götür-qoy etmiş, potensial imkanlarını nəzərə alıb tamaşaçıya deməyə sözü olduğunu yəqinləşdirdikdən  sonra gəlmişdir. Özünün dili ilə desək: artıq kətanın onun fantaziyasına darısqallıq etdiyini duyduqdan sonra şəhər evlərinin divarlarına üz tutmağa “məcbur” olmuşdur. Sevindirici haldır ki, bu “məcburiyyət” uğurla nəticələnmiş və həm də rəssamın yaradıcılıq fəaliyyətinin yeni bir qatını aşkarlamışdır. Tamaşaçı “Nağıllar aləmində” monumental divar əsəri fonunda divar rəssamlığı sahəsində artıq yetkinləşib formalaşmış əvəzsiz bir rəssamla tanış olmuşdur.

Toğrul Nərimanbəyov sonralar da divar rəssamlığına müraciət etmiş və unikal sənət nümunələri yaratmışdır. Bu baxımdan rəssamın Respublika Milli Məclisi binasının, eləcə də “Azərbaycan” mehmanxanasının, keçmiş “Moskva” mehmanxanasının foyelərini bəzəyən (“Moskva” mehmanxanasındakı monumental “Aşığın mahnısı” divar əsəri hələ mehmanxana sökülməmişdən əvvəl sıradan çıxarılmışdır). “Çiçəkli yurdum mənim”, “Azərbaycan gözəlliklər və çiçəklər diyarıdır”, “Aşığın mahnısı”   əsərləri  olduqca  qiymətlidir.

Bildiyimiz kimi, təsviri sənətin ayrı sahələri kimi divar rəssamlığının da özünəməxsus spesifik xüsusiyyətləri və çətinlikləri vardır. Məsələn, kətan üzərində rəssam öz fikrini istədiyi kimi canlandırmağa qadirdir. Hətta yeri gələndə virtuozluğa da meydan verir. Amma divarda bu mümkün olan iş deyildir. Toğrul üçün kətan və divarın eyni yaradıcılıq meydanı olmasına baxmayaraq, o, divar rəssamlığının daha məsuliyyətli olduğunu söyləyir. Deyir: kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda əl gəzdirib düzəliş edə bilərsən. Heç ürəyinə yatmayanda gizlədib üzə çıxarmayasan, yandırıb məhv edərsən. Amma divara çəkilmiş əsər divara köçdü, qurtardı. Daha onu nə düzəldə, nə də məhv edə bilərsən. O necə var, eləcə – bütün qüsurları, kəmkəsirləri ilə birlikdə həmişəlik qalmalıdır.

Ona görə də Toğrul divar rəssamlığına xüsusi ehtiyatla, məsuliyyətlə yanaşır. Burada eksperiment, virtuozluq sərbəstliyinə yol   vermir.    Daha    dəqiq   desək,   divara     köçürəcəyi    əsərin kompozisiyasını, ideyasını, ifadə manerasını tam dəqiqləşdirəndən, öz malı edəndən sonra işə başlayır. Divar rəssamlığı ilə əlaqədar rəssamın son qənaəti belədir: “...Ona əvvəlcədən bəstələnmiş, hazır, özü də gözəl mahnı gərəkdir ki, birbaşa divara köçürəsən”.

Xatırladaq ki, rəssam Toğrul Nərimanbəyov çoxçalarlı yaradıcılığında janrlardan heç birinə müstəsna əhəmiyyət, xüsusi üstünlük vermir. Böyük istedada malik olduğu üçün təsviri sənətin bütün janrlarında yüksək peşəkarlıq nümayiş etdirib qiymətli nümunələr yaradır.

Mənzərə, tarixi-etnoqrafik, məişət mövzulu əsərlərində o, ən çox xalq həyatını, məişətini, tarixini və etnoqrafiyasını araşdırıb vəsf edir. Həmin əsərlərdən açıq-aydın hiss edilir ki, bu torpağa, bu xalqa rəssamın sevgisi hüdudsuzdur. Onun üçün Azərbaycan təkcə Bakı deyil, həm də uzaq bölgələrdir, onlara yaraşıq verən gözəl meşələr,  çaylar,  çəmənliklərdir.  Bu  gözəlliklərə   içəridən baxan  rəssam əsərlərində rənglərin ecazkar dili ilə bu yerləri görməyənləri inandırmağa çalışır ki, dünyanın ən gözəl yeri onun Vətənidir!

Toğrul dünyaya nağıl, əfsanə gözü ilə baxdığına görə onun əsərlərində əndazədən çıxma, şişirtmə, ironiya, rəng parlaqlığı və təmizlik xüsusi üstünlük təşkil edir. Onun tablolarında narlar da, digər meyvələr də, hətta adamların gözləri də çox iri görümdə təsvir    edilmişdir.   Bunun    əksinə    olaraq    bəzi       əsərlərində ironikləşdirilmiş, stilizə və deformasiya olunmuş insan obrazları çox xırda və sadəlövh verilmişdir. Elə bunun nəticəsidir ki, indiyə qədər onun yaradıcılığına birmənalı baxılmır. Həmişə söz-söhbət, mübahisə obyektinə çevrilir.

Bəziləri onun bu ifadə yönünə “hoqqabazlıq”, “millətə yuxarıdan baxmaq”, bəziləri isə rəssamın bu üsulla “xalq qavrayışının kristal təmizliyinə, təbiiliyinə nail olması” kimi baxırlar.

Fikrimizcə, ikincilər daha haqlıdırlar. Doğrudan da öz əsərlərində ənənə ilə müasirliyi, milliliklə bəşəriliyi, Şərq zərifliyi ilə Qərb intellektualizmi bir-birinə qovuşduran Toğrul Nərimanbəyov yaradıcılığının “dadı-duzu”, gözəlliyi və bənzərsizliyi də elə bundadır. Ölkəmizdə, keçmiş sovetlər məkanında,  yaxın-uzaq xaricdə dəfələrlə fərdi yaradıcılıq sərgiləri açılmışdır. Əsərləri dünyanın nüfuzlu muzeylərinə düşmüşdür.

Zaman keçdikcə, basqılar və məhdudiyyətlər götürüldükcə böyük potensial imkanlara malik rəssamın yeni yaradıcılıq qatları üzə çıxmağa başlamışdır. İlk öncə mətbuatda şeirlərini çap etdirmişdir. Sonra daha dəqiq desək, ötən əsrin sonralarından başlayaraq maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə görünmüşdür. Onu rəssam kimi sevənlər bundan sonra müğənni kimi sevib dəyərləndirməyə başlamışlar.

XX əsrin 80-cı illərinin axırlarında Toğrulun şəxsi həyatında gözlənilməz təbəddülatlar baş vermişdir. Bunu yaxınlarından gizlətsə də portretini çəkdiyi parapsixoloq Tofiq Dadaşovdan gizlədə bilməmişdir. O, qətiyyətlə bildirmişdi: “...Məşhursunuz. Daha məşhur olacaqsınız. Amma böyük çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb bütün dünyanı dolaşacaqsınız...”

Belə də oldu. Bu söhbətdən xeyli sonra o, ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksenburqa və Fransaya köç etdi. Böyük çətinliklərlə üzləşsə də güc tapıb Parisdə qərarlaşa bildi. Hətta bu şəhərin nüfuzlu sərgi salonlarından birində – “Konven de Kordelyer” salonunda möhtəşəm fərdi yaradıcılıq sərgisini də açdı. Sanki Azərbaycan bütün gözəllikləri ilə bura – bu sərgi salonuna köçmüşdü.

Bir neçə kəlmə də böyük rəssamın xarici ölkələrdəki yaradıcılığı barədə. Öncə onu deyək ki, Toğrul harada yaşamasından asılı olmayaraq həmişə məhsuldar işləyir. Özü də öz ilkinliyindən,   öz  kökündən  qopmayır.  Rəssamın həm ABŞ, həm Lüksenburq, həm də Paris dövrü yaradıcılığının bəhrəsi olan əsərlərində əvvəllər olduğu kimi yenə də Azərbaycan ruhu çağlayır. Toğrulun kətana sığmayan Göyçay narları, ballanmış Abşeron əncirləri, hamını məftun edən xoş raihəli Şüvalan gülləri xəfifcə: “gəl məni gör, dərdimdən öl”- deyir. Məhz elə bunun nəticəsidir ki, Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini əldə edib Priston şəhərində onun adına sərgi salonu yaratmışdır.

Toğrul Nərimanbəyov bütün dünyada tanınan, sevilən, yaradıcılığına və əsərlərinə böyük maraq göstərilən rəssamdır. Elə bunun nəticəsidir ki, onun adı dahi rəssamlarla bir sırada “Dünya incəsənət-məlumat” ensiklopediyasına düşmüşdür. Ayrı-ayrı vaxtlarda ən yüksək fəxri ada – xalq rəssamı adına və Dövlət mükafatı laureatına layiq görülmüşdür. Dünyanın məşhur sənət və elm adamları – Andre Molro, Çingiz Aytmatov, Lütfi Zadə, Mistislav Rastropoviç, Qara Qarayev, Ueno Mokato, İren Lüdviq, Rene Qere, Səttar   Bəhlulzadə,   Fikrət Əmirov   onun çoxçalarlı yaradıcılığını yüksək qiymətləndirmişlər. Çingiz Aytmatov onu “...Dövrümüzün dahiyana rəssamı”, “...rəssamlığın özünü bir boy ucaldan sənətkar”, Ueno Mokato isə “...əsərləri nəhəng musiqi notunu xatırladan rəssam”, “...öz torpağının gözəlliklərini böyük səxavətlə dünyaya göstərməyi bacaran istedadlı sənətkar” adlandırmışlar.

Gah Bakının İçəri Şəhərində və digər guşələrində, gah da Parisin Monpornas, Sen-Jermen, Sant Mişel adlanan yerlərində görünən    dünya    şöhrətli    rəssam   Toğrul   Nərimanbəyov   indi Avropanın düz mərkəzindədir. Dünyaya Şərqin və Qərbin həm içindən, həm də çölündən baxan rəssam onun təzadlarını – ağrı-acılarını, kataklizmlərini və gözəlliklərini görür. Bunların bəzilərini ötəri rəsm etsə də, ən çox üstünlüyü gözəlliyin vəsfinə verir. Çünki çox yaxşı bilir ki, bu gün təzadlı ovqat yaşayan Şərq də, Qərb də son nəhayətdə nəfəslərini dərib bu gözəlliklərə tapınacaqlar. Və onu genetik qan yaddaşının bəhrəsi olub, ecazkar gözəllik və musiqi ilə süslənmiş bu unikal əsərləri yaşadacaqlar.

 

Bakı-Paris-Bakı

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 15 iyun.- S.23.